top of page

Dekoderlər Bahalaşdı

  • Yazarın fotoğrafı: İlahə Ağacanova official
    İlahə Ağacanova official
  • 7 Kas 2016
  • 3 dakikada okunur

Bu gün dekoder almaq üçün Səbail rayonunda yerləşən poçt şöbəsinə yaxınlaşdım. Xanım bildirdi ki, dekoderin qiyməti 35 manatdır. Bunun səbəbini soruşduqda isə nazirliyin yeni qiymət müəyyən etdiyi bildirdi” - deyir izləyicimiz Aytən xanım.

Redaksiyamıza müraciət edən xanımın sözlərinə görə, bir neçə gün əvvəl 22 manata satılan dekoderlər artıq 35 manat olub. Birdən-birə qiyməti 13 manat artırılıb: “Onsuzda yayımın dəyişdirilməsi çox adamın evində problem yaradıb. Keçən həftə dekoderin qiymətini soruşdum, 22 manat dedilər. Hətta nazirliyə də zəng vurub soruşdum. Oradan da eyni qiyməti söylədilər. Ancaq həmin vaxt pulum olmadığından ala bilmədim. Bu gün pul tapıb almaq üçün poçta yaxınlaşdım. Dedilər ki, qiymət 35 manatdır. Inanmadım. Nazirliyin qaynar xəttinə zəng vurdum. Ordan da dedilər ki, bəli yeni qiymət belədir. Üstəlik də dekoderin üzərində qiymət yazılmayıb. Pulum çatmadığından almadım. Ancaq anlaya bilmirəm, nəyə görə bir həftəyə qiymət 13 manat qalxdı? Gördülər ki, əhalinin ehtiyacı var, o saat qiyməti qaldırdılar. Halbuki dekoderə ehtiyacı olan şəxslər imkansız ailələrdir. Bunu bilə-bilə yenə də qiyməti qaldırırlar. Öz millətimizin bizə canı yanmayandan sonra başqasından nə gözləyək?!”

Elektron ünvanımıza müarciət edən başqa bir izləyicimiz də eyni vəziyyətlə rastlaşıb. Rəşad bəy deyir ki, bu gün dekoder almaq üçün Yasamal rayonunda yerləşən poçt şöbəsinə yaxınlaşıb. Ancaq orda da həmin vəziyyət yaranıb: “Dekoderin qiymətinin 35 manat olduğunu gördüm. Düzü inanmadım. Axı bir neçə gün öncə açıqlama vermişdilər ki, poçtlarda 22 manatadır. 35 manata satılan yerlər elektronik əşyalar satan mağazalardır. Tez «Azərpoçt»a zəng vurdum. Ordan da qiyməti təsdiqlədilər. Dedilər ki, nazirlik belə müəyyən edib. Yəqin ki, tələbatın çox olduğunu görüb qiyməti yüksəldiblər”.

Bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov dekoderlərin 30 manatdan yuxarı qiymətlə əhaliyə satılması məsələsinə aydınlıq gətirmişdi. O bildirmişdi ki, dekoderləri baha qiymətə satan yalnız mağaza sahibləri ola bilər. MTRŞ rəsmisinin sözlərinə görə, qiymət artımın qarşısını almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən poçt şöbələrinə dekoderlər aşağı qiymətlərlə verilib: “20-21 manatdan başlayan qiymətlərlə əhali dekoder ala bilər. Aparatın qiymətini baha satanlar yalnız sahibkarlardır. Poçt şöbələrində qiymət artımı yoxdur”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda da bildirilmişdi ki, uzun müddətdir ayrı-ayrı şirkətlər tərəfindən qəbuledici avadanlıqlar radioelektron malların satış məntəqələrində müxtəlif qiymətlərlə əhaliyə təklif olunur. Əhalinin hər hansı məişət qurğuları ilə təmin olunması nazirliyin səlahiyyətlərinə aid deyil: “"Azərpoçt" tərəfindən poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı isə əlavə, yardımçı bir tədbirdir. Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınması və əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Bu işlər tələbata uyğun olaraq "Azərpoçt" tərəfindən davam etdirilir”.

Ancaq açıqlamadan 1 həftəyə yaxın bir müddət keçməsinə baxmayaraq artıq poçt şöbələrində dekoderlər 35 manata satılır. Üstəlik də bahalaşma səbəbini nazirliyin müəyyən etdiyi yeni qiymət olduğunu deyirlər. Bəs qiymət artımına səbəb nədir? Nəyə görə nazirlik yeni həftədən etibarən dekoderlərin qiymətini artırıb?

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, suallarımızı yazılı şəkildə nazirliyə ünvanlayaq.

Qeyd edək ki, 1 noyabr tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır. Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım bütün ölkə ərazisində tam dayandırılacaq. Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib. Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”nə zəng etmək lazımdır.


 
 
 

Comments


    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page